کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا کلینیک آسیا asia klinikasi asia klinikasi

Dəri düşmənləri və onlardan necə xilas olmalı?


Demodekozun müstəqil xəstəlik forması kimi mövcudluğu hələ də şübhə altındadır. Bəzən insan elə xəstəliklərlə qarşılaşır ki, dəhşət, qorxu, həyəcan, stress həmin xəstəliyi unutdurur. Qəbul edə bilmədiyi xəstəliyin depressiyası xəstəlikdən daha gec sağalır. Hələ belə xəstəliklər aşkar, gözlə görülə bilən xəstəlik olduqda vəziyyət daha da gərginləşir. Nəticədə müalicə müddəti daim qorxulu və ağrılı olur. Belə xəstəliklərdən biri də demodekozdur.

Demodekoz ilk səslənəndə insana elə də pis təsir etmir. Amma "üzünüzdə gənə var" deyilməsi necə də dəhşətlidir. İnsanların üzünə qulluq etdiyi bir vaxtda üz dərisində gənələr məskunlaşır. Dəridə məskunlaşmaqla bərabər üzdə üstəlik dəhşətli yaralar yaradır. Dərinin altında üzü "əzik-əzik" edirmiş kimi bir görüntü yaradır. Əslində isə demodekoz insanların bildiyi gənə növü deyil. Demodekoz gənələri bütün dünyada geniş yayılmış parazitlərdir. Hal-hazırda bu gənələrin 65 müxtəlif növü öyrənilib. Bu gənələr insanda heç də xoşagəlməyən demodekoz xəstəliyini törədir. Hər bir növ demodekozun özünəməxsus forma və xarakteristikası var. Rəngi ağ olub, yarımşəffafdır, xaricdən nazik keratin membranla əhatələnib. Uzunsov bədəninin hər iki tərəfində şotkaşəkilli ayaqları var. Demodekoz təmas-kontakt yolu ilə keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür.

Dermatoloq Vəfa Şıxlının sözlərinə görə, demodekoz üz dərisini zədələyən, bir növ didən dəri xəstəliyidir. Bu xəstəlik demodeks gənəsi tərəfindən yaranır. Demodekoz - şərti patogen mikroorqanizmdir. Xəstəlik yağlı dərilərdə meydana gəlir, amma tam sağlam dəridə də yaranma ehtimalı var: "Demodekoz gənələri tük follikulunun kökündə, üz dərisinin piy vəzlərinin axarlarında yaşayır. Bu gənə uzun müddət bu mühitdən kənarda qala bilmir. Xəstəlik müddətində gənələrin sayı artır, aktivliyində də artım müşahidə olunur. Xəstəliyin etimologiyası bəlli deyil. Amma yaranması üçün zəruri olan mühit, səbəbləri bəllidir. Demodekoz gənələri xüsusilə gecələr dəri səthinə çıxır. Onlar qaranlıq və isti mühiti çox sevir. Gənələr bir neçə həftə yaşayır, tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər. Gənənin bir inkişaf tsikli bir sahibin bədənində gedir. Bir nəslin ömrü 14 gündür".

Demodeksin həddən artıq çoxalmasına zəmin yaradan faktorlara zəifləmiş immunitet sistemi, mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri, endokrin sistemin xəstəlikləri, hepatit daxildir. Bundan əlavə, dərmanların, hormon tərkibli kosmetikanın uzun müdətli və qeyri-rasional tətbiqi, həmçinin qeyri-rasional qida, artıq miqdarda qara kofe, alkoqol, iti yeməklər xəstəliyə təkan verə bilər. Xəstəliyin yaranması qadınlarda kişilərdən iki dəfə çox təsadüf olunur.

Dermatoloq bildirir ki, demodekoz üzdə kəskin iz buraxan xəstəlikdir. Demodekoz yanaqları, burunu, alını, çənəni, dodaq ətrafı dərini, nadir hallarda göz qapağını da zədələyə bilir. Dəridə civzələr, iltihab, səpkilər yaranır, dəri bərk qızarır. Elə görkəm yaranır ki, sanki dərini qoparıb yenidən yapışdırmısan: "Xəstələr müraciət etdikdə göz yaşları içində bir daha əvvəlki üz quruluşuna sahib ola bilməyəcəyindən qorxduğunu deyirlər. Amma düzgün müalicə nəticəsində dərini əvvəlki vəziyyətə qaytarmaq mümkündür. Biz sadəcə məsləhət görürük ki, bu cür yaralar gördükləri zaman müxtəlif maskalarla sağaltmağa çalışmasınlar, çünki demodekoz dəri daxilində olan bir xəstəlikdir və üzdən müalicə ilə sağalmaz. Xəstəlik inkişaf etdikdə dəridə dərin deformasiyalar yaranır. Dərinin dərinliyində kobud çapığa oxşar, toxuma qatı yaranır. Dəri bozarır, üz sanki şişir və maskanı xatırladır, dəridəki səpkilər və civzələr xoraya çevrilir. Nadir hallarda xəstəlik burunu zədələyir və onda burunun ölçüləri kifayət qədər böyüyür, göyümtül-qırmızı rəng alır". Demodekozun müalicəsinə gəlincə, həmsöhbətimiz bunun yalnız düzgün diaqnozdan sonra aparıldığını bildirib. Dediyinə görə, demodekozun müalicəsi yalnız diaqnozun həkim tərəfindən təstiqindən sonra başlayır. Diaqnoz kliniki gediş əsasında qoyulur, amma təsdiqi mikroskopik müayinə ilə edilir. Xəstənin üzündəki qaşıntıdan, yaxud yaradan analiz götürülür. Orda demodekoz gənəsi aşkarlandıqda müalicəyə başlanılır: "Müalicə məlhəmlər, gellər, dərmanlar vasitəsilə aparılır. Belə müalicənin ev şəraitində aparılması mümkün deyil. Ona görə həkimə müraciət etmək lazımdır. Müalicə müddəti dərinin zədələnmə və deformasiya dərəcəsindən asılıdır. Orta hesabla 3-4 həftə çəkir, lakin demodekozun ağır formaları bir neçə aydan bir neçə ilə kimi uzanır. Buna görə də ağırlaşmalar başlamadan müalicəyə başlamaqda fayda var".

Scroll to Top